Payızda xəstəliklərdən necə qorunmaq lazımdır? | Həkim məsləhəti

Payızda xəstəliklərdən necə qorunmaq lazımdır?  | Həkim məsləhəti
  29 Sentyabr 2024    Oxunub:320
Artıq Azərbaycana payız fəsli daxil olub. Bu mövsümdə havaların soyuması, dəyişkən keçməsi əhval-ruhiyyəmizə də təsir göstərir. Bununla bağlı hətta xüsusi termin də formalaşıb: “payız depresiyası”.
Fəsil dəyişikliyi təkcə insanların əhvalına deyil, sağlamlıqlarına da təsir edir. Payız aylarında hava soyuduqca bir sıra xəstəliklər aktivləşir, xroniki xəstəliklər fəallaşır. Bu hallar immuniteti zəif insanlarda özünü daha çox biruzə verir.

Mövzu ilə bağlı AzVision.az -a danışan infeksionist Mərdan Əliyev bildirib ki, havalar soyuduqca insanlar evlərinə çəkilir, qapı-pəncərələr bağlanır. Otaqların havalanması zəif olduğuna görə virus mənşəli kəskin respirator xəstəliklərə yoluxma üçün əlverişli şərait yaranır. Xüsusən də kəskin respirator virus infeksiyaları payız-qış mövsümündə aktivləşərək, yəni epidemiyalar törədə bilir. Bu infeksiyalar hava-damcı yolu ilə insandan-insana keçir.

Hava dəyişikliyi həm də insanda immun sisteminin zəifləməsinə səbəb olur. İmmun sistemini normal vəziyyətdə saxlamaq üçün keyfiyyətli qidalanmaya fikir vermək, yuxu rejiminə riayət etmək lazımdır. Yuxu rejimi immun sistemi ilə birbaşa əlaqəlidir. Gecə işləyən və yaxud da az yatan şəxslərdə immunitet zəif olur.


"Bitki tərkibli qidalara üstünlük vermək, mövsümü meyvələr yemək, şirniyyat, un məmulatlarından az istifadə etmək lazımdır. İdmanla məşğul olmaqda da fayda var. Bütün bunlar bizim xəstəliyə qarşı müqavimətimizi artırır. Eyni zamanda xəstə şəxslərlə təmasda olmamaq, sosial məsafə saxlamaq lazımdır. Ehtiyac olduğu hallarda maskadan istifadə edə bilərlər",- həkim qeyd edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Sağlamlıq   Payız  





Xəbər lenti